İQTİSADİYYAT
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar başlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, seminardan əvvəl ÜGT-nin ekspertləri Rika Tokai və David Kozik DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Cavad Qasımovla görüşüblər. Görüşdə komitənin fəaliyyəti barədə məlumat verilib, DGK-da məcburi qərarlar sisteminin yaradılması, təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı mövzularında fikir mübadiləsi aparılıb.
Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində innovativ islahatların həyata keçirildiyini, bu yeniliklərin gömrük işinin səmərəli təşkilinə, gömrük rəsmiləşdirilməsi və nəzarəti proseslərinin sürətləndirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Bildirib ki, təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı ilə bağlı keçirilən seminarda əldə edilən bilik və bacarıqlar, praktik vərdişlər gömrükçülərin gündəlik iş fəaliyyətinə də töhfə verəcək.
Dövlət Gömrük Komitəsinin mütəxəssisləri Azərbaycan gömrüyündə təsnifat və mənşə sahəsində görülən işlərlə bağlı təqdimatla çıxış ediblər.
Seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin təsnifat, mənşə və qiymətləndirmə məsələləri üzrə mütəxəssislərinə tarif təsnifatı, mənşə və qiymətləndirmə üzrə gömrük infrastrukturu haqqında ÜGT-nin təlimatları, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sistemi haqqında Ümumdünya Gömrük Təşkilatının texniki təlimatları, tariflərin təsnifatı, qiymətləndirmə və mənşə işi və əlaqədar infrastrukturda ÜGT-nin diaqnostik mühitə giriş, təsnifat və mənşə sahələrində cari vəziyyət və Dövlət Gömrük Komitəsinin fəaliyyətinə nəzər salmaq və qiymətləndirmək üçün diaqnostik mühitin praktiki tətbiqi, eləcə də digər məsələlərlə bağlı təqdimatlar keçirilərək fikir mübadiləsi aparılacaq.
Seminar mayın 24-dək davam edəcək. Sonda iştirakçıların əldə etdikləri biliklər qiymətləndiriləcək.