Bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi başlayıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də saat 00:00-da Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi başlayıb.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar həmin şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə tərk edə bilərlər. Yaxın qohumların dəfnində iştirak etmək üçün isə icazə Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alına bilər.
Sərt karantin rejimi 16 iyun saat 06:00-dək davam edəcək.
Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.