SİYASƏT
Deputat: Çin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəkləyir
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan postmünaqişə dövründə də tərəfdaşları ilə səmərəli əməkdaşlığı davam etdirir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan yeni reallıqlar fonunda bütün tərəfdaşlarına da öz prioritetlərini açıqlayır.
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər də bunu bir daha təsdiqləyir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təması Azərbaycanın regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür. Görünən odur ki, münaqişə dövründə Azərbaycanla əməkdaşlıq edən güclər bu gün bölgədə yaranmış imkanları Azərbaycanla birgə dəyərləndirməyə çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. ÇXR sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə fikirləri ölkəmizin regionda və dünyada çəkisi, nüfuzu və önəminə verilən qiymətdir.
Deputat bildirib ki, qlobal güc mərkəzi olan Avropa İttifaqına gəlincə, bu təşkilat da Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Eyni zamanda, Avropa İttifaqının daim balanslı siyasət həyata keçirməsi də diqqətdən yayınmır. Biz bu yanaşmanı 44 günlük Vətən müharibəsi dövründə də gördük. Lakin təəssüflə qeyd etməliyik ki, bu çərçivədə Fransa balansı pozaraq, ermənipərəst mövqe nümayiş etdirməkdədir. Ermənistanın baş naziri N.Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi bunun bariz nümunəsidir. İttifaq həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əlaqələrin inkişafına dəstək verir. Yeni mərhələdə artıq yeni imkanlar dəyərləndirilməkdədir.
“Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də qeyd etmişdi: “Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”.
Dövlətimizin başçısının da söylədiyi kimi, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.
İndi bütün səylər Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya istiqamətinə yönəlib. Azərbaycan isə bu prosesin əsas hərəkətverici qüvvəsidir”, - deyə Könül Nurullayeva vurğulayıb.