MƏDƏNİYYƏT


“Euronews” telekanalında dolma haqqında veriliş təqdim edilib

Bakı, 31 may, Pərvanə Rəhimova, AZƏRTAC

“Euronews” telekanalının “Açıqcalar” silsiləsinin növbəti buraxılışı Azərbaycan mətbəxinin şahzadəsi – dolmaya həsr olunub. Bu milli mətbəx nümunəsinin müxtəlif növləri var və ona olan sevgi ölkənin bütün bölgələri və millətlərini birləşdirir. Məhz dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, verilişdə “Euronews” telekanalının reportyoru Qalina Polonskaya dolma haqqında ətraflı məlumat verib: “Dolma - Azərbaycanın qədim milli xörəklərindən biridir, ölkədə dolmanın 386 növü var. Dolma bükmək zərgərlik işidir və hər bir xanımın onu hazırlamaq sirri var”.

Verilişdə dolmanın hazırlanma qaydası haqqında Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərinin müavini Ceyran Əsgərova danışıb. O, dolma hazırlamağı nənəsindən öyrəndiyini bildirib: “Azərbaycanda özünəməxsus dolma reseptini nəsildən-nəslə ötürmək ənənədir. Ət, düyü, göyərti, soğan, müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından hazırlanan Azərbaycan dolmasının ləzzətli olmasının əsas səbəbi yerli keyfiyyətli məhsullardır”.

Ceyran Əsgərova qeyd edib ki, dolma hazırlamağın çətin tərəfi odur ki, dolmalar balaca və səliqəli bükülməli, yumru formada olmalı və hazırlıq prosesində açılmamalıdır.

Reportajda qeyd olunub ki, Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkünsüzdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.