DÜNYA


Gürcüstanda prezident seçkilərinin ikinci turunda inzibati resurslardan istifadə qadağan olunub

Tbilisi, 21 noyabr, AZƏRTAC

Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turu ilə əlaqədar yeni qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, qərarda seçkilərdə inzibati resurslardan istifadəyə yol verilməsi qadağan olunub.

Hökumət dəftərxanasının yaydığı məlumatda bu qərarın seçkilərin dinc, şəffaf, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə qəbul olunduğu diqqətə çatdırılıb.

Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə etmək qadağan olunub. Bununla yanaşı, dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsləri namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplaya və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara bilməz. Dövlət qulluqçusuna, həmçinin Gürcüstan vətəndaşına pul mükafatının veriləcəyi ilə bağlı vəd verməsi və ya seçki subyekti adından hədiyyə verməsi də qadağan olunub.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd - hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. “Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs yığıb.

Seçkilərin noyabrın 28-də keçiriləcək ikinci turunda mübarizə məhz bu iki namizəd arasında aparılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.