Hazırkı dövr əmlak bazarında alıcılar üçün kifayət qədər əlverişlidir - AÇIQLAMA
Bakı, 3 sentyabr, AZƏRTAC
Bütün dövrlərdə tövsiyəmiz ondan ibarətdir ki, potensial alıcı əmlak almaq üçün gözləməsin. Xüsusilə Azərbaycan bazarı kimi makroiqtisadi təsirlərlə yanaşı, gözlənilməz hadisə və proseslərin də qiymətlərə əhəmiyyətli təsir göstərdiyi şəraitdə bazardakı vəziyyəti düzgün qiymətləndirmək vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, son 5-6 il ərzində daşınmaz əmlak almaq üçün bazarda kifayət qədər əlverişli şərait yaranıb. Ekspertin sözlərinə görə, hazırda alıcıların və müraciətlərin sayı azalıb, tələbin aşağı düşməsi fonunda isə təklif yüksək olaraq qalır.
“Bu səbəbdən əmlak üzərində sövdələşmə aparılarkən alıcı faktiki olaraq daha dominant mövqedə olur. Çünki kapital və vəsait onun əlindədir və həyata keçirilən əməliyyatda şərtləri müəyyənləşdirmək imkanına malikdir. Hesab edirəm ki, bu baxımdan hazırkı dövr əmlak almaq istəyənlər üçün kifayət qədər əlverişlidir. Qonşu ölkələrdə baş verən siyasi və hərbi proseslərin də Azərbaycan əmlak bazarına müəyyən təsir göstərə bilər. Rusiya, İran və Ukrayna kimi ölkələrdə baş verən proseslər, həmin ölkələrdə yaşayan və Azərbaycanla milli, dini və mədəni bağları olan insanların ölkəmizə marağı nəzərə alınmalıdır. Regionda baş verən prosesləri nəzərə alaraq əmlak almaq niyyətində olan şəxslərin qərarlarını uzun müddət təxirə salmasına ehtiyac yoxdur. Əgər şəxsin əmlak almaq üçün kifayət qədər vəsaiti varsa və belə bir niyyəti formalaşıbsa, bazara müraciət edərək öz maliyyə imkanlarına uyğun əmlakı seçməsi daha məqsədəuyğundur”, - deyə Ramil Osmanlı qeyd edib.