Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm
Bakı, 3 sentyabr, AZƏRTAC
Bəzən bir film üzrə bir aktyorun rolunu səhərdən axşamadək səsləndirə bilərəm. Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm. Bununla yanaşı, ikinci dərəcəli obrazları da səsləndirirəm. Onların arasında uşaq, yaşlı və epizodik obrazlar da ola bilər.
Bunu AZƏRTAC-a açıqlamasında dublyaj aktrisası Ofeliya Novruzqızı deyib.
Xarici kino nümunələrinə marağından danışan müsahib dünya kinosunu, xüsusilə Hollivud filmlərini sevdiyini bildirib: “Səsləndirməkdən zövq aldığım aktrisalar arasında Culiya Roberts və Ancelina Coli xüsusi yer tutur. Culiya Robertsin rol aldığı “Gözəlçə” (“Pretty Woman”) filmini xüsusilə bəyənirəm”.
Müxtəlif yaş qruplarına aid obrazların səsləndirilməsində səs texnikasının mühüm rol oynadığını bildirən Ofeliya Novruzqızı qeyd edib ki, uşaq obrazlarının səsləndirilməsində daha yüksək tonlardan, yeniyetmə və yetkin obrazlarda isə fərqli səs tembrlərindən istifadə olunur. Yaşlı obrazların səsləndirilməsində isə əsasən sinə səsi lazım olur.