Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb
Qahirə, 4 sentyabr, AZƏRTAC
Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına ölkə ərazisində keçmiş prezident Bəşər Əsəd dövründə hərbi məqsədlər üçün nəzərdə tutulmuş kimyəvi maddələrin məhv edilməsinə başlanıldığını bildirib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Albi Təhlükəsizlik Şurasının cümə axşamı keçirilən iclasında bildirib. Qeyd olunub ki, bu, əvvəlki hakimiyyətin devrilməsindən sonra ölkədə bu məqsədli kimyəvi maddələrin məhv edilməsi üzrə ilk əməliyyatdır.
Bildirilir ki, proses Suriya ilə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Əsas məqsəd əvvəlki hakimiyyət tərəfindən idarə olunan kimyəvi silah proqramın bütün komponentlərini müəyyənləşdirmək, aşkar edilən maddə və sursatları təşkilatın nəzarəti altında və müəyyən edilmiş texniki prosedurlara uyğun olaraq təhlükəsiz şəkildə zərərsizləşdirməkdir.
Eyni zamanda, BMT-nin Baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu bildirib ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və yeni Suriya hökuməti əvvəlki hökumət tərəfindən hazırlanmış kimyəvi silah proqramının qalıqlarının aradan qaldırılması istiqamətində böyük işlər görüb.
O vurğulayıb ki, Suriya hökuməti bu məsələ üzrə qalan problemlərin həlli üçün təşkilatla tam əməkdaşlıq edir. Nakamitsu qeyd edib ki, kollektiv səylər kimyəvi silahların qalıqlarının aradan qaldırılması istiqamətində konkret nəticələr verir və bu, tərəflər arasında konstruktiv və davamlı əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir.
Xatırladaq ki, iyun ayında Suriyanın aidiyyəti qurumları tərəfindən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına 34 qutu sənəd təqdim edilib.