Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər" mövzusunda ölkə nümunələri üzrə təqdimatlar olub.
AZƏRTAC xəbər verir ki, “Mine Action Review” jurnalının tədqiqatçısı Frensis Smitin moderatorluğu ilə keçirilən paneldə humanitar minatəmizləmədə milli təcrübələri və əldə olunmuş nəticələri əks etdirən təqdimatlar təqdim olunub.
Livanın Minatəmizləmə Mərkəzinin Logistika və inzibati şöbəsinin rəhbəri, gender məsələləri üzrə əlaqələndirici şəxs Vaci Caber Hayder, Kamboca Minatəmizləmə Mərkəzinin Beynəlxalq Əməkdaşlıq və Hüquqi Məsələlər üzrə baş direktoru Suonpraset Prum, Bosniya və Herseqovina Minatəmizləmə Mərkəzinin mina ilə mübarizə şöbəsinin rəhbəri Tarik Serak və Serbiyanın Minatəmizləmə Mərkəzinin direktoru Boyan Qlamoçliya təqdimatlarla çıxış ediblər. Onlar humanitar minatəmizləmə sahəsində əldə edilən təcrübələri, tətbiq olunan yanaşmaları və qarşılaşdıqları çağırışları təqdim ediblər.
Sessiya ölkələrin milli təcrübələrinin bölüşdürülməsi, uğurlu təcrübələrin öyrənilməsi və mina təhlükəsinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.