Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub
Bakı, 3 sentyabr, AZƏRTAC
Bu gün unudulmaz sənətkar, Xalq artisti Yaşar Nurinin anadan olmasının 75-ci ildönümüdür. O, sənət aləminə qədəm qoyduğu ilk illərdən etibarən istedadı və yaradıcılığı ilə seçilib. Yaşar Nuri görkəmli sənətkarların yaradıcılıq məktəbindən keçərək özünəməxsus sənət yolu formalaşdırıb. O, Azərbaycan teatr və kino sənətinin görkəmli simalarından biri idi.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib.
O bildirib ki, 1968–1972-ci illərdə institutda təhsil aldığı dövrdə də Yaşar Nuri böyük fəallığı ilə seçilirdi. Hətta Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” əsəri əsasında hazırlanan tamaşada Neznamov obrazını böyük ustalıqla canlandırıb. Hələ teatr institutunda təhsil aldığı illərdə müəllimlərinin rəğbətini və hörmətini qazanan sənətkar istedadı və peşəkarlığı sayəsində Tədris Teatrına qəbul olunub və bir neçə il burada çalışıb.
“Yaşar Nurinin sənət fəaliyyətində yaratdığı obrazların sayı çoxdur. O, televiziya tamaşalarında və müxtəlif səhnə əsərlərində çoxsaylı obrazlarla silinməz iz qoyub. Bu rolların hər biri onun zəngin yaradıcılığının parlaq nümunəsidir. Bütün bunlar Yaşar Nurinin Azərbaycan teatr və kino sənətində özünəməxsus yeri olan böyük sənətkar olduğunu bir daha göstərir”, – deyə Rafiq Əzimov qeyd edib.