Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas diqqət infrastrukturun yenilənməsi ilə yanaşı, tibbi xidmətlərin modernləşdirilməsinə və keyfiyyətinin artırılmasına yönəldilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, maddi-texniki bazanın yaxşılaşdırılması, həkimlərin ixtisaslarının təkmilləşdirilməsi və dünya tibbinin müvafiq sahələrinə inteqrasiya istiqamətində mühüm işlər görülüb.
Deputatın sözlərinə görə, icbari tibbi sığorta modelinin tam şəkildə fəaliyyət göstərməsi də səhiyyə sistemində aparılan dəyişikliklərin mühüm istiqamətlərindən biridir. Həkimlərin maddi təminatının yaxşılaşdırılması, o cümlədən müvafiq ixtisaslar üzrə əməkhaqlarının artırılması bu prosesin mühüm tərkib hissəsidir.
Müşfiq Məmmədli qeyd edib ki, hazırda ilkin səhiyyə xidmətinin modernləşdirilməsi istiqamətində konkret layihələr həyata keçirilir və real nəticələr əldə olunur: “Təcili tibbi yardım sisteminin, o cümlədən ambulans xidmətinin, həmçinin stasionarlarda təcili tibbi yardım xidmətinin modernləşdirilməsi istiqamətində işlər aparılır”.
Deputat onkoloji xəstəliklərlə mübarizə sahəsində dövlət və özəl sektorun paralel fəaliyyətinin də əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəllər bu istiqamətdə əsas işlər dövlət proqramları çərçivəsində həyata keçirilirdisə, hazırda özəl sektorun da prosesə cəlb olunması imkanları genişləndirilir.
O, həmçinin əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinin genişləndirilməsi səhiyyə sahəsində həyata keçirilən islahatların nəticələrinin daha aydın görünməsinə imkan verəcək.