BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Kiril Valçev ölkədə keçiriləcək prezident seçkilərində vitse-prezidentliyə namizəd olub.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 3-də Bolqarıstan prezidentliyinə namizəd İliyana Yotova açıqlama verib.
Kiril Valçev oktyabrın 25-də keçiriləcək prezident seçkilərində İliyana Yotova ilə birlikdə seçkiyə qatılacaq. İ.Yotova namizədliyin təqdimatı zamanı Kiril Valçevin hüquqşünas, media nümayəndəsi və ictimai xadim kimi fəaliyyətini xüsusi qeyd edib. “Vitse-prezident ölkə qanunlarını dərindən bilməli və onlara hörmətlə yanaşmalı, Bolqarıstan dövlətinin necə fəaliyyət göstərdiyini bilməlidir”, – deyə İliyana Yotova bildirib.
O, Kiril Valçevlə uzun illər Bolqarıstanın milli kimliyinin qorunması, eləcə də xaricdə yaşayan bolqar icmaları ilə əlaqələrin inkişafı istiqamətində birgə çalışdıqlarını vurğulayıb. İ.Yotovanın sözlərinə görə, vitse-prezident həm ölkə daxilində, həm də xaricdə insanlarla ünsiyyət qurmağı və onlara yaxın olmağı bacarmalıdır.
“Kiril Valçev insanları ayırmağı deyil, bir araya gətirməyi bacardığını sübut edib”, – deyə prezidentliyə namizəd bildirib.
Kiril Valçev hazırda Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru vəzifəsini icra etməkdə davam edir.