İQTİSADİYYAT
Hesablama Palatasının nümayəndəsi Bratislavada INTOSAI-ın işçi qrupunun iclasında iştirak edib
Bakı, 8 aprel, AZƏRTAC
Hesablama Palatasının icmal-analitik şöbəsinin icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) təşkilatçılığı ilə Slovakiyanın Bratislava şəhərində əsas milli göstəricilər üzrə işçi qrupunun 12-ci toplantısında iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda əsas milli göstəricilər üzrə ekspert qrupunun 2018-ci ilin aprelindən 2019-cu ilin martınadək fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun eyni dövrü əhatə edən fəaliyyəti haqqında hesabat, Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanan əsas milli göstəricilərin və makroiqtisadi göstəricilərin auditi qaydaları, həmçinin üzv dövlətlərdən İtaliya, Avstriya, İndoneziya, Slovakiya, Bolqarıstan və Küveyt ali audit qurumlarının dayanıqlı inkişaf məqsədlərinin fəaliyyət auditi ilə bağlılığı mövzusunda təqdimatları dinlənilib.
Almaniya Texniki Əməkdaşlıq (GIZ) təşkilatı tərəfindən edilən təqdimatda ali audit qurumlarının dövlət maliyyəsinin idarə edilməsi sistemi və bu çərçivədə əsas milli göstəricilərin rolunun əhəmiyyətliliyi vurğulanıb.
İclasın yekunu olaraq əsas milli göstəricilər və dayanıqlı inkişaf məqsədləri mövzusunda metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib.