CƏMİYYƏT


İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstanda səfərdə olublar

Bakı, 25 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov Qazaxıstanda səfərdə olublar.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar Nur-Sultan şəhərində keçirilən “Digital Health 2.0” beynəlxalq sərgi və strateji əməkdaşlıq mövzusunda təşkil edilən konfrans çərçivəsində Qazaxıstanın bir sıra aparıcı tibb müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub və əməkdaşlarla görüşüblər.

Qazaxıstan Respublikasında səhiyyə sisteminin islahatı və inkişafı üzrə dövlət proqramlarına elmi-metodiki dəstək göstərən Səhiyyənin İnkişafı üzrə Respublika Mərkəzində görüş zamanı tərəflər arasında ötən il imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tibb sahəsində elektron standartların yaradılması, tibb müəssisələrinin akkreditasiyası, tibb menecmenti və səhiyyənin digər vacib sahələrində əməkdaşlıq etmək barədə razılıq əldə olunub.

Respublika Müstəqil İmtahan Mərkəzində keçirilən görüş də çox səmərəli keçib və tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair sənəd imzalanıb. Əməkdaşlıq çərçivəsində Qazaxıstan mütəxəssisləri tibb işçilərinin imtahanı üçün test suallarının hazırlanması, onlara sertifikatların verilməsi və simulyasiya mərkəzlərinin yaradılması sahəsində təcrübələrini bölüşəcəklər.

Əməkdaşlıq haqqında sazişin imzalandığı Milli İctimai Səhiyyə Mərkəzinin rəhbərliyi ilə görüş zamanı səmərəli fikir mübadiləsi aparılıb, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışılıb, bu sahədəki innovativ yeniliklərin effektivliyi müzakirə olunub.

Ölkəmizdən olan nümayəndələr səfər müddətində, həmçinin xəstəliklərin profilaktikası və sağlamlığın qorunmasına dair müxtəlif tədbirlərdə, beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə, tibbi startaplar müsabiqəsində iştirak ediblər. Burada keçirilən görüşlər zamanı hazırda dünya səhiyyəsində sürətli inkişaf dövrünü yaşayan rəqəmsal tibb, o cümlədən tibbi informasiya, innovasiya sistemləri və qabaqcıl texnologiya şirkətləri ilə qarşılıqlı əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.