CƏMİYYƏT
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları İmişli və Siyəzən rayonlarında keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkalarda, ümumilikdə, 707 vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onlardan 565-i İmişli, 142-si isə Siyəzən rayonuna aid olub. Hər iki rayonda daimi iş yerləri ilə yanaşı, kənd təsərrüfatı sahələri üzrə mövsümi iş yerləri də seçimlər arasına daxil edilib.
Yarmarkalara ayrı-ayrı işəgötürənlərin nümayəndələri də qatılıblar. Vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı işsiz və işaxtaran şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək, ödənişli ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülüblər.
Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 12 rayon və şəhərdə əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 311 müəssisədən 3,7 min vakant iş yeri təqdim edilib.