İspaniyanın Baş naziri: Ukraynaya silah və hərbi texnikanın ən böyük partiyası göndərilib
Madrid, 21 aprel, AZƏRTAC
Kiyevdə səfərdə olan İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin Ukraynaya ən böyük hərbi texnika göndərdiyini açıqlayıb. Bu da Rusiya ilə hərbi münaqişə başlayandan bəri göndərilən hərbi yardımın həcmindən iki dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, P.Sançes qeyd edib ki, “Ysabel” nəqliyyat gəmisi ilə 200 ton döyüş sursatı və digər hərbi texnika, o cümlədən 30 yük maşını və 10 minik avtomobili ilə Polşa limanına yola salınıb.
“Bu, ən böyük partiyadır və indiyə qədər göndəriləndən iki dəfə çoxdur. İspaniya Ukraynaya humanitar və hərbi yardım göstərməyə davam edəcək”, - deyə P.Sançes Ukraynanın paytaxtında Prezident Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen ilə keçirdiyi mətbuat konfransında bildirib.
Pedro Sançes Kiyevə gəldiyini tviter səhifəsində elan edərək İspaniyanın Ukraynaya “dəstək, həmrəylik və bağlılığını” vurğulayıb.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək İspaniyaya 134 min qaçqın gəlib. Bundan başqa, 64 minə yaxın insan isə müvəqqəti mühafizə statusu alıb. Bunlar əsasən qadın və azyaşlılardır. İspaniya Madrid, Barselona və Alikantedə ukraynalı qaçqınlar üçün daha üç qəbul mərkəzi açıb.
Pedro Sançesin Kiyevə səfəri İspaniya səfirliyinin Ukrayna paytaxtında fəaliyyətini tezliklə bərpa edəcəyini açıqlaması ilə eyni vaxta təsadüf edib. Bundan əvvəl İtaliya, Fransa və bir sıra Aİ ölkələrinin, eləcə də Türkiyənin diplomatları Kiyevə artıq qayıdıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid