REGİONLAR


Lənkəranda "Qarabağın təbiəti və ekologiyası" kitabının təqdimatı keçirilib

Lənkəran, 21 iyun, İ.Cəfərli, AZƏRTAC

Lənkəranda tanınmış yazıçı-ekoloq Bəxtiyar Hüseynovun yeni işıq üzü görmüş "Qarabağın təbiəti və ekologiyası" kitabının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə təqdimatı keçirilib. Tədbirdə hər iki qurumun əməkdaşları, eyni zamanda, Ədliyyə Nazirliyinin cənub regionunda çalışan rəhbər şəxsləri, o cümlədən bölgənin tanınmış ziyalıları və ağsaqqalları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müəllif qonaqları salamlayaraq, yeni kitabın ərsəyə gəlməsindən danışıb. Bildirib ki, yeni nəşr 30 il düşmən tapdağı altında qalan Qarabağın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük sərkərdəlik bacarığı və Rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunmasından doğan sevinc hissləri ilə yazılıb. Bəxtiyar Hüseynov vurğulayıb ki, son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalinin ekoloji maarifləndirilməsinə ciddi önəm verir. Nazirliyin bilavasitə dəstəyi ilə nəşr olunan yeni kitab həm elmi əsər, həm də dərs vəsaiti kimi qiymətli mənbədir. Kitab həm də Qarabağın təbiəti ilə bağlı araşdırma aparanlar üçün əvəzedilməz vəsaitdir.

Qeyd edək ki, nəşr Qarabağ işğaldan azad edildikdən sonra yazılan ilk elmi bədii-publisistik kitabdır. Bəxtiyar Hüseynovun "Qarabağın təbiəti və ekologiyası" kitabında Azərbaycanın təbiətşünas alimlərinin elmi-tədqiqat işləri diqqətə çatdırılmaqla bərabər, Qarabağın əsrarəngiz təbiəti və ekologiyasından, eləcə də işğaldan sonrakı bərpa dövründə aparılan geniş quruculuq işlərindən ətraflı bəhs olunur. Eyni zamanda, kitabda müəllifin görkəmli təbiətşünas və ekoloq alimlərin həyat yolu ilə bağlı yazdığı elmi oçerkləri də yer alır. Kitabda Bəxtiyar Hüseynovun “Qarabağ Azərbaycandır” mövzusunda silsilə şeirləri və “Üzün gülsün, Qarabağ” adlı lirik poeması da dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.