DÜNYA
Malayziya polisi: Kim Çen Nam kimyəvi silahla öldürülüb
Bakı, 24 fevral, AZƏRTAC
Malayziya polisi kimyəvi departamentdən Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın cəsədinin analizlərinin ilkin nəticələrini əldə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, polis departamentinin kimyəvi silahların analizi mərkəzi mərhumun gözünün selikli qişasından və üzündən götürülən nümunələrin analizini aparıb.
Əldə olan məlumata əsasən, Kim Çen Nam sinir-iflicedici xüsusiyyətə malik kimyəvi silah sayılan zəhərləyici maddə (VX Nerve Agent) ilə qətlə yetirilib. BMT-nin təsnifatına görə VX maddəsi kütləvi qırğın silahı sayılır. Hazırda hüquq-mühafizə orqanları zəhərli maddənin Malayziyaya necə gətirildiyini araşdırır.
Sonradan Kim Çen Namın qətlində şübhəli bilinərək saxlanılan şəxslərin birində bu maddə ilə zəhərlənmə simptomlarının müşahidə edildiyi məlum olub.
Xatırladaq ki, başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət edən Kim Çen Nam kiminsə arxadan ona yaxınlaşaraq sifətinə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən Nam burada güclü başağrısı hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.
Kim Çen Namın qətli ilə əlaqədar ən azı 8 şübhəli müəyyən olunub. Onlardan 4-ü, o cümlədən KXDR, Malayziya, Vyetnam və İndoneziya vətəndaşları artıq saxlanılıb. Ehtimallara görə, digər 4 Şimali Koreya vətəndaşı isə insidentin baş verdiyi gün Malayziyanı tərk edib. Polis, həmçinin cinayət işi ilə əlaqədar Şimali Koreya diplomatını və bu ölkənin aviakompaniyasının əməkdaşını dindirmək niyyətindədir.