ELM VƏ TƏHSİL
Məktəblilərimız beynəlxalq olimpiadalara hazırlaşırlar
Bakı, 4 aprel, AZƏRTAC
Şagirdlərimizin Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesini təkmilləşdirmək məqsədilə Rusiya Federasiyasından mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları Maksim Kozlov və Yuriy Andreyevdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 25-dən başlayan dərslər aprelin 7-dək davam edəcək. Dərslərdə kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin müxtəlif ümumtəhsil məktəblərindən olan dinləyiciləri iştirak edir, bilik və bacarıqlarını artırırlar.
Kimya fənni üzrə milli komandamız aprelin 21-27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək.
Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində martın 17-24-də "Novruz" düşərgələri təşkil edilib.
Belə düşərgələrin cari ilin iyul-avqust aylarında bir neçə dəfə təşkili planlaşdırılır.
Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.