İDMAN


Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Güləş Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Nazir ölkəmizdə ən populyar idman növlərindən olan güləş üzrə böyük uğurlar qazanıldığını və bu nailiyyətlərin bundan sonra da davam edəcəyinə inandığını bildirib.

Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra Azərbaycan Güləş Federasiyasının baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə qazanılan nəticələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov dörd il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.

Azərbaycan Güləş Federasiyasının yeni prezidenti çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. Güləşin milli idman növü olduğunu, bu sahədə yüksək nəticələr qazanıldığını, bütün çətinliklərə baxmayaraq, federasiyanın son 4 ildə uğurla fəaliyyət göstərdiyini qeyd edən M.Cabbarov qarşıdakı dörd ildə güləşin ənənələrinin, kütləviliyinin qorunmasının, uğurların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti seçilib. Federasiyanın yeni prezidentini təbrik edən N.Əliyev güləşdə nəticələrin bundan sonra daha da yaxşılaşacağına inandığını deyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında güləşin böyük potensiala malik olduğunu vurğulayıb və federasiyanın prezidentinə və vitse-prezidentinə məsul vəzifədə uğurlar arzulayıb.

Bununla da konfransa yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.