SİYASƏT


Milli Məclis sədrinin müavini şəhid ailələrini ziyarət edib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və parlamentin deputatı Vüqar Bayramovla birlikdə Füzuli rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sonra Adil Əliyev və Vüqar Bayramov Füzuli rayonunda şəhid ailələrinə baş çəkib, şəhidlərimizin anım tədbirlərində iştirak ediblər.

Anım tədbirlərində Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad edərək xalqımıza tarixi Qələbə bəxş etməsinə diqqət çəkib. Bildirilib ki, məhz qəhrəmanlarımızın şücaəti nəticəsində 30 illik düşmən işğalına son qoyulub.

Söhbətlər zamanı bir neçə gün əvvəl Füzuli şəhərinin düşmən işğalından azad edilməsinin birinci ildönümü münasibətilə bölgəyə səfər edən dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli şəhərində müxtəlif infrastrukturların əsasını qoyduğu qeyd edilib. Regionda ilk dəfə Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulmasından danışan vitse-spiker rayonda 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsinin salınmasına diqqət çəkib.

Deputat Vüqar Bayramov Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə BMT-nin 30 il müddətində icra edilməyən dörd qətnaməsinin ölkəmizin cəmi 44 gün müddətində sülhəməcburetmə əməliyyatları ilə icra edərək tarixi nailiyyətə imza atdığını vurğulayıb. O, tarixi Qələbəmizin qazanılmasında şəhidlərimizin dünyada ən şirin nemət olan canlarından keçməsini, göstərdikləri şücaəti xüsusi vurğulayaraq, bununla da Azərbaycanın şərəf tarixinin ən parlaq səhifəsini yazdıqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.