QAN YADDAŞIMIZ -XOCALI FACİƏSİNƏ HƏSR LUNMUŞ SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İncəsənət Muzeyində XX əsrin ən böyük faciəsi -Xocalı soyqırımına həsr olunmuş əsərlərindən ibarət sərgi açılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin və Muzeyin birgə təşkil etdiyi sərgidə boyakarlıq, qrafika və heykəltəraşlıq janrlarında 30-a yaxın əsər nümayiş etdirilir.
Muzeyin direktor müavini Elmira Qasımova tədbiri açaraq demişdir ki, Xocalı faciəsi Azərbaycan rəssamlarının yaradıcılığında müstəsna yer tutur. Təsviri incəsənətlə məşğul olan elə bir fırça və yaxud tişə sahibi tapılmaz ki, artıq qan yaddaşımıza dönmüş bu faciəyə ilə bağlı əsər yaratmamış olsun.
Natiq bildirmişdir ki, ermənilərin törətdikləri Xocalı faciəsi təkcə azəri türklərinə deyil, bəşəriyyətə qarşı yönəldilmiş, heç bir məntiqə sığmayan vəhşilikdir.
Rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, mədəniyyət və turizm nazirliyinin müzey işləri sektorunun müdiri Azədə Hüseynova Ombudsman Elmira Süleymanova və başqaları Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri, Milli Məslisin deputatı Mehriban xanım Əliyevanın səyi nəticəsində Xocalı faciəsini əks etdirən kitablar diskə köçürülərək dünyanın müxtəlif ölkələrində yayımlanır.
Tədbirdə respublikamızın elm və mədəniyyət xadimləri, Xocalı və Şuşa rayonları icra hakimiyyətinin nümayəndələri, həmin hadisələrin şahidi olub, təsadüfən sağ qalan Xocalı sakinləri iştirak etmişlər.