“Kipr türküsü” filminin yaradıcı heyəti Azərbaycanda keçiriləcək qala-premyeraya hazırlaşır
Ankara, 11 fevral, AZƏRTAC
“Kipr türküsü” bədii filminin yaradıcıları Azərbaycan kinosevərlərini 1957-1974-cü illər arasında Kiprdə baş verən hadisələrdən bəhs edən ekran əsəri ilə tezliklə tanış etməyi planlaşdırırlar.
Filmin prodüseri, “Lacivert Media” şirkətindən Coşkun Özer AZƏRTAC-a bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətində lentə alınan bu film 27 fevral 2026-cı ildə Türkiyədə nümayiş olunacaq və qısa müddət sonra onun Azərbaycanda qala-premyerası planlaşdırılır.
“Kipr türküsü” filminin prodüseri əlavə edib: “Tarixi faktlara əsaslanaraq, Kiprdə sülhün təmin edilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin əməliyyatından əvvəl baş verən bir sıra faciələr fonunda Kipr türklərinin qəhrəmanlığını və müqavimətini çatdırmağa çalışdıq”.
Filmdə EOKA terror təşkilatı üzvləri tərəfindən vəhşiliklər törədildiyi adanın sərt reallıqları arasında yaşamağa və vətənlərini müdafiə etməyə çalışan gənc kiprlilərin hekayəsini danışan türk aktyorları Emre Bəy və Almila Ada rol alıblar.
Prodüser vurğulayıb ki, “Kipr türküsü” sadəcə bir film deyil, həm də tarixi yad etmək və onu gənc nəsillərə ötürmək üçün hazırlanmış bir layihədir.
“Filmimiz mahiyyət etibarilə hər birimizin hekayəsidir. Qardaşlıq və müqavimət hekayəsidir”, - deyə prodüser bildirib. O, əmin olduğunu bildirib ki, qardaş Azərbaycan tamaşaçıları da filmi bəyənəcək və dəstəkləyəcək.
“Azərbaycan bizim üçün yad ölkə deyil. Əminəm ki, qardaş ölkəmizdə dünyanın heç bir yerində olmadığı kimi ədalətsizliyin bütün yükünü başa düşürlər və xalqlarımızın tarixi hüquqlarını müdafiə etmək istəyini bölüşürlər”, - deyə o bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara