REGİONLAR
Salyanda ümumtəhsil məktəblərini bitirən 14 məzun 600-dən çox bal toplayıb
Salyan, 21 avqust, Mahir Babayev, AZƏRTAC
Salyanda ümumtəhsil məktəblərini bitirən 14 məzun 600-dən çox bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 37 tam orta məktəbi 966 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 652 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Onlardan 397 nəfəri sualları düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 14 nəfəri 600-dən çox, 57 nəfəri isə 500-600 arası bal toplayıb.
Şəhər 2 nömrəli tam orta məktəbi bitirən şagirdlər qəbul imtahanında xüsusilə fərqləniblər. Təhsil ocağını bitirən 62 şagirddən 33-ü ali məktəbdə təhsil almaq hüququ qazanıb. Rayon üzrə ən yüksək nəticəni də bu təhsil ocağının məzunu İnqilab Hüseynov əldə edib. O, 635 bal toplayaraq, arzusunda olduğu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub.
Qeyd edək ki, İnqilab Hüseynov tam orta təhsili yüksək qiymətlərlə başa vurduğuna görə qızıl medala layiq görülüb.