REGİONLAR
Şəkidə Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir
Şəki, 5 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) Azərbaycan və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə mayın 5-də Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir keçirilib.
Filialın akt zalında keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim və tələbələri, ziyalılar, həmçinin respublikamızın 30-dək şəhər və rayonundan fəal müəllimlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini Gülarə Abdullayeva açaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar bu günlərdə respublikamızın hər yerində, bütün Türk dünyasında, eləcə də bu təhsil ocağında silsilə tədbirlərin, konfransların, elmi simpoziumların keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, vətənpərvər, millətinin varlığını hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan, xeyirxah, yaradıcı dahi şəxsiyyətlər əbədiyaşarlıq qazanır. Onların bioloji yoxluğu mənəvi varlığı ilə əvəzlənir. Azərbaycan xalqının böyük mənəvi sərvətinə, ümid, and yerinə çevrilən ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev məhz belə dühalardandır.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb, təhsilin inkişafına göstərdiyi qayğıdan, müəllim əməyinə verdiyi böyük dəyərdən bəhs edib.
EYUDER Azərbaycan təmsilçisi Gülnura Babaşova çıxışında tədbirin məqsəd və vəzifələri, qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr barədə geniş məlumat verib.
Tədbirdə pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, ADPU-nun Təlim-Tədris Mərkəzinin rəhbəri Xalidə Həmidova çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
İncəsənət ustalarının təqdim etdiyi konsert proqramından sonra tədbir ayrı-ayrı panellər üzrə təlim proqramları ilə davam etdirilib.
Təlimlərdə “ERASMUS”, “Sabahın alimləri” respublika müsabiqəsində xüsusi istedada malik şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması”, “Qrant layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”, “ETWİNNİNG” layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “Məktəbəqədər təhsildə layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni metodologiyalar əsasında öyrənmə” və digər mövzular müzakirə olunub.