REGİONLAR


Sumqayıt Dövlət Universitetində “Beynəlxalq həftə” tədbirləri yekunlaşıb

Sumqayıt, 13 may, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə mayın 4-dən başlayan “Beynəlxalq həftə” silsilə tədbirləri yekunlaşıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirlər azərbaycançılıq məfkurəsinin banisi, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin doğum gününün 99-cu ildönümünə və mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayına həsr olunub.

Qeyd edilib ki, “Beynəlxalq həftə” ölkəmizin beynəlxalq aləmdə mənafeyini, ictimai-siyasi nüfuzunu daha da yüksəltmək üçün bir tədris həftəsi boyunca ölkə xaricində yaşayan elm və tədqiqatlar sahəsində uğurlar qazanmış soydaşlarımızla universitetin tələbə-müəllim heyətini bir auditoriyada görüşdürmək və onların təcrübəsindən bəhrələnmək ideyası daşıyırdı.

Ümummilli Liderin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin diaspor quruculuğuna dair tövsiyələrini belə ümumiləşdirə bilərik: “Dünya azərbaycanlıları tarixi vətənləri ilə əlaqələri kəsməməli, yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqe tutmağa çalışmalı və öz dilini təşviq etməlidirlər”.

Ona görə də, “Beynəlxalq həftə” Dünya Azərbaycanlılarının V Qurultayına dəvət almış 400 azərbaycanlıdan biri, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin “Azərbaycan dilinin beynəlxalq tədrisi: parametrlər və sərhədlər” mövzusunda SDU-nun Filologiya fakültəsinin müəllim və tələbələri ilə ənənəvi formatda keçirdiyi görüşlə başlayıb.

Daha sonra uyğun olaraq İqtisadiyyat və İdarəetmə fakültəsi ilə Almaniya Siegen Universitetinin professoru, iqtisad elmləri doktoru Müslüm İbrahimov “Təşkilat və təşkilatdaxili münasibətlər sisteminin anlayışı”, Mühəndislik fakültəsi ilə İstanbul Texniki Universitetindən Yunis İsmayıl “Texnoloji və İnnovativ ideyaların kommersiyalaşmasında texnoparkların rolu”, Tarix və Coğrafiya fakültəsi ilə ABŞ Kolumbiya Universitetindən Abbas Abbasov “Tədqiqat metodları və metodologiyası” və universitetin bütün fakültələrinin tələbələri ilə Avropa Natolin Kampusunun rəsmi nümayəndəsi Nərgiz Abdullayeva “Avropada azərbaycanlı tələbələr üçün təqaüd imkanları” mövzularında həftə ərzində müəllim və tələbələrlə görüşlər keçiriblər. Tədbirlərin hər biri universitet ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Tələbələr elmi-tədqiqat sahəsində zəngin təcrübəyə malik məruzəçiləri maraqla dinləyərək onlara öz suallarını ünvanlayıblar.

“Beynəlxalq həftə” tədbirləri dövlətçilik, dövlətə sədaqət və milli mənsubiyyətin doğurduğu məsuliyyət hissi kimi ülvi hissləri yetişməkdə olan gənc nəslə aşılamaqla Sumqayıt Dövlət Universiteti kollektivinin dövlət siyasətinə sədaqətini bir daha ifadə etdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.