MƏDƏNİYYƏT


“Şuşa İli” çərçivəsində şəhid ailələri üçün xeyriyyə tədbiri təşkil olunub

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi “Şuşa İli” çərçivəsində şəhid ailələri üçün xeyriyyə məqsədilə tədbir təşkil edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsert məktəbin kiçik xorunun ifasında sözləri Vahid Əziz, musiqisi şəhid pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşı, bəstəkar Könül Hüseynovaya aid olan “Şuşam mənim” mahnısı ilə başlayıb.

Yüksək vətənpərvərlik ruhunda keçən konsertdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib və onlar haqqında videoçarxlar nümayiş olunub. Daha sonra şagirdlər tərəfindən “Muğamsayağı”, “Xudayar təsnifi” və başqa əsərlər ifa olunub.

İkinci Qarabağ müharibəsində şəhid olmuş leytenant Nurlan Həsənovun qızı, balaca Nurgülün çıxışı bütün zalı kövrəldib.

Konsertdə Niyazı və V.Adıgözəlovun əsərlərinin ifası və xatirə şəkillərinin videogörüntülərlə təsviri tamaşaçılara Şuşanın musiqi dünyasının ab-havasını yaşadıb.

Tədbir solo nömrələrlə yanaşı, maraqlı ansambl ifaları ilə də yadda qalıb. Şagirdlər T.Quliyevin, A.Zeynallının, C.Cahangirovun əsərlərini böyük şövqlə ifa ediblər.

Konsert proqramı dahi Üzeyir Hacıbəylinin “Cəngi”si ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.