Tibb Universitetinin stomatologiya fakültəsində müasir standartlara uyğun dərslik tədris olunacaq
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və assistent Hanife Musayevanın müəllifi olduğu “Ortopedik stomatologiya: Dişlərin morfologiyası və oyma texnikası” dərsliyinin təqdimat mərasimi olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təqdimat zamanı kitabın müəllifləri tədbir iştirakçılarına dərslik haqqında ətraflı məlumat verib.
Təqdimat zamanı universitetin tədris hissə müdiri, dosent Samir Cavadov, stomatologiya fakültəsinin dekan müavini Kamran Babayev, Tədris Stomatoloji Klinikanın direktoru, professor Alqış Səfərov, ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev də çıxış edərək kitab haqqında fikirlərini söyləyiblər. Qeyd olunub ki, dərslik yeni tədris ilindən stomatologiya fakültəsinin II kurs tələbələrinə tədris olunacaq, kitab tələbələr, rezidentlər və gənc həkimlər üçün dəyərli vəsaitdir.