CƏMİYYƏT


UNESCO: İqlim dəyişməsi təbiət və mədəniyyət abidlərinə ciddi təhlükədir

Bakı, 19 aprel, AZƏRTAC

İqlim dəyişməsi səbəbindən hazırda hər üçüncü təbiət obyekti və hər altıncı mədəni irs obyekti təhlükə altındadır. Bu barədə UNESCO-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə bildiriblər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2022-ci ildə beynəlxalq günün mövzusu “İrs və iqlim” adlanır.

İqlim dəyişməsi dövrümüzün ən başlıca problemlərindən biri və UNESCO-nun Ümumdünya Mədəni İrs obyektlərinin siyahısında olan mədəniyyət və təbiət abidələrinə böyük təhlükələrdən biridir. Hazırda hər üçüncü təbiət obyekti və hər altıncı mədəni irs obyekti iqlim dəyişməsi səbəbindən təhlükə ilə üz-üzədir.

Son aylar və illər Ümumdünya İrs obyektlərinin əksəriyyəti daxil olmaqla, mədəniyyət və təbiət abidələrinə meşə yanğınları, daşqınlar və qasırğalar təhlükə törədir.

UNESCO-nun məlumatına görə, Ümumdünya İrs Siyahısından olan meşələrin 60 faizi, eləcə də yüksək riskə məruz qalan dəniz obyektlərinin – həyati vacib mavi karbon anbarlarının üçdə ikisi təhlükə qarşısındadır.

UNESCO iqlim dəyişiklikləri ilə bağlı fəlakətlərə hazırlıq və onların fəsadlarına uyğunlaşma, həmçinin bu fəlakətlərdən sonra bərpa üçün ölkələrin və icmaların potensialının möhkəmləndirilməsi üzərində çalışır.

Bu il ümumdünya irsi haqqında Konvensiyanın 50 illiyinin qeyd olunduğunu xatırladan ekspertlər növbəti 50 il üçün təbiət və mədəniyyət abidələrinin qlobal istiləşmənin fəsadlarından mühafizəsi üzrə “yol xəritəsi”nin işlənib hazırlanmasına səsləyiblər.

Qeyd edək ki, 18 aprel tarixinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi təsis edilməsi 1983-cü ildə UNESCO-nun Baş konfransında qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.