MƏDƏNİYYƏT
UNESCO-nun sülhməramlı artisti, bəstəkar Firəngiz Əlizadənin 65 illiyi qeyd edilmişdir
Bakı, 29 may (AZƏRTAC). Onun bəstələri sərhəd tanımır, harada səslənməsindən, hansı ölkədə ifa olunmasından asılı olmayaraq ürəklərə hakim kəsilir, könülləri oxşayır, insanı düşünməyə vadar edir. Ona görə ki, yaratdığını ürəklə, ağlın, düşüncənin hökmü, istəyi ilə yaradır. Hər bir əsərini nə qədər milli ruhda kökləyirsə, bir o qədər də ona bəşəri çalar qatır. Hər ikisinin vəhdətindən elə sənət nümunəsi yaradır ki, onu şərqli də, qərbli də eyni hiss və həyəcanla dinləyə bilir.
Onun yaratdıqları əbədiyaşardır, rəngi solmayan, bütün zamanlarda öz aktuallığını saxlayan və hər yerdə ürəklə təqdim olunası əsərlərdir. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, onu dünyada tanıdan Firəngiz Əlizadə kimi bəstəkar övladı vardır. Təkcə onu demək kifayətdir ki, görkəmli bəstəkarımız UNESCO-nun sülhməramlı artisti adına layiq görülmüş yeganə azərbaycanlıdır.
Firəngiz Əlizadənin yaradıcılıq uğurları ölçüyəgəlməzdir. Bu, yalnız onun deyil, bütövlükdə Azərbaycanın mədəniyyət tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və yuxusuz gecələri, tükənməz zəhməti sayəsində nail olmuşdur. Məhz gərgin zəhmətin nəticəsidir ki, görkəmli bəstəkarın əsərləri bu gün tanınmış ifaçılar tərəfindən dünyanın ən böyük musiqi salonlarında səslənir, müəllifinə tükənməz sevgi və hörmət qazandırır. Elə bu səbəbdən də bəstəkarın 65 illik yubileyini qeyd etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqına üz tutanların sayı yetərincə idi...
AZƏRTAC xəbər verir ki, mayın 29-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Müasirlərlə dialoq” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq Artisti, UNESCO-nun sülhməramlı artisti, “Şöhrət” ordenli, professor Firəngiz Əlizadə ilə görüş keçirilmişdir.
Tədbirdə musiqişünaslar Lalə Hüseynova və Zümrüd Dadaşzadə çıxış edərək Firəngiz Əlizadənin bənzərsiz yaradıcılığından söz açmışlar.
Bildirilmişdir ki, Firəngiz Əlizadənin yaradıcılığı geniş və çoxşaxəlidir. O, pianoçu kimi hələ gənc yaşlarından öz ifa texnikası, peşəkarlığı ilə seçilmişdir. Bir çox bəstəkarların əsərlərinin ilk ifaçısı olmuşdur. Bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. “Boş beşik” baleti, “Ağ atlı haqqında əfsanə” operası, Nazim Hikmətin sözlərinə yazılmış “Ölümsüzlüyə səyahət” oratoriyası, zərb alətləri və kamera orkestri üçün “Silk Road” (“İpək Yolu”) konserti, müxtəlif heyətlər üçün “Miraj”, “Oazis”, “Abşeron”, “Muğamsayağı”, violonçel və fortepiano üçün “Habilsayağı” və s. əsərlərin adını çəkə bilərik.
Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox məşhur musiqiçiləri - Yo-Yo-Ma Manigetti, Kronus Quartet və başqaları ifa etmişlər. Bəstəkarın əsərləri daim dünya musiqiçilərinin repertuarına daxil edilmişdir. Dünya musiqiçiləri onun klassik zəmində və müasir üslubda yazdığı əsərləri yaxşı mənimsəyirlər. Bu cəhət Firəngiz Əlizadəni bir musiqi təbliğatçısı kimi də xarakterizə edir. O, Azərbaycan ilə müxtəlif ölkələr arasında musiqi körpüsü yarada bilmişdir.
Diqqətə çatdırılmışdır ki, xalqını, Vətənini sevən bəstəkar onun mədəniyyətini təbliğ etməklə bərabər, öz əsərlərində yaşadığı tarixi şəraiti də əks etdirməyə çalışır. İlk dəfə 2007-cu ildə səhnəyə qoyulan “İntizar” operası da məhz bu qəbildəndir. Bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti, Azərbaycan təbiətinin gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapmışdır.
Qeyd edilmişdir ki, F.Əlizadə, həmçinin bir neçə sənədli filmin ssenari müəllifidir.
Mərasimdə çıxış edənlər görkəmli bəstəkarı doğum günü münasibətilə ürəkdən təbrik etmiş, ona həyat və yaradıcılıq yollarında yeni-yeni uğurlar arzulamışlar.
Tədbirdə yubilyarın həyat və yaradıcılığına həsr edilmiş videomateriallar nümayiş etdirilmişdir. Müxtəlif dövrlərin məhsulu olan bu materiallarda tanınmış Azərbaycan və dünya bəstəkarları tərəfindən Firəngiz Əlizadə yaradıcılığının bənzərsizliyi, özünəməxsusluğu yüksək qiymətləndirilmişdir.
Tədbirdə, həmçinin bəstəkarın əsərlərinin canlı səsləndirilməsi ilə yanaşı, dünyanın bir çox ölkələrində təşkil edilmiş konsertlərindən parçalar da nümayiş etdirilmişdir.
Sonda tədbirin iştirakçılarına minnətdarlığını bildirən Firəngiz Əlizadə Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da əzimlə çalışacağını bildirmişdir.