REGİONLAR
Vətən müharibəsi dövründə Bərdə şəhəri beş dəfə raket və artilleriya atəşinə məruz qalıb
Bərdə, 5 oktyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanda mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəridir. Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.