Xaçmazın şaftalı bağlarında mövsümün ilk məhsulu yığılır
Xaçmaz, 28 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı təsərrüfatçılar şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının tezyetişən sortları yığılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində ümumilikdə 2900 hektardan çox şaftalı bağı var. Həmin bağlardan 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 7 min tondan çox şaftalı toplanır.
Çiləgir kəndindən olan təsərrüfatçı Seymur İsmayılov bildirib ki, şaftalı bağlarında kütləvi yığıma iyul ayının ikinci ongünlüyündən başlanılacaq. “İl ərzində bağlara aqrotexniki qaydada qulluq göstərmişik. İndi məhsul yığımı vaxtı gəlib çatıb. Bu gün bağdan ilk məhsulu topladıq. Yığdığımız tezyetişən “Fədai” sortundan olan şaftalıdır. Məhsulu yerli bazarda satmaqla yanaşı, Bakıdakı bazarlara da aparacağıq. Bazarda tələbə uyğun qiymətə alıcılara təqdim edəcəyəm. Ötən il ilk məhsulun kiloqramını 1 manata satmışdıq. Kütləvi yığım başlayanda isə məhsulun çox hissəsi Rusiya bazarlarına göndərilir”, - deyə Seymur İsmayılov söyləyib.
Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndinin ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Burada satılan şaftalının böyük hissəsi qonşu Rusiyanın müxtəlif şəhərlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
“Şaftalı vaxtında yığılmalıdır. Yoxsa ağacda məhv olub, çürüyər. Bizim bağda şaftalının 10-a yaxın növünü becəririk. Ardıcıl yetişən növlərdir. Müştəri sarıdan çətinlik olmur. Amma əsas məsələ qiymətdir. Məhsul yaxşı qiymətə satılanda fermerlər qazanc əldə edə bilirlər. Şaftalı və fındıq bizim ailə büdcəmizi formalaşdıran əsas məhsuldur”, - deyə Seymur İsmayılov bildirib.
Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.