MƏDƏNİYYƏT


Xalq Mahnıları Festivalına yekun vurulub

Bakı, 13 oktyabr, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq Mahnıları Festivalının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun baş dirijorluğu və Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov konsert proqramı ilə çıxış edib.

Festivalın bədii rəhbəri Ramil Qasımov beş gün müddətində keçirilən Xalq Mahnıları Festivalında bir-birindən maraqlı xalq mahnılarını nümayiş etdirən kollektivlərə təşəkkürünü bildirib: “Çox sevindirici haldır ki, Azərbaycan Radiosunun Qızıl Fondunda illərlə tarixi olan və saxlanılan xalq mahnıları bugünkü nəslə çatdırılır. 100 ilə yaxın tarixi olan xalq mahnılarını müasir gəncliyə sağlam şəkildə ötürdüyümüz üçün qürur hissi duyuruq”.

Bu gün hər bir uğurlu işin əsasında dövlətin qayğı və diqqətinin dayandığını söyləyən R.Qasımov deyib: “Qayğı və diqqət olmasa, bu işləri ərsəyə gətirmək qeyri-mümkündür. Bu diqqət və qayğı üçün biz hər zaman dövlətimizə minnətdarıq. İstər ölkədə, istər ölkə hüdudlarından kənarda keçirilən irimiqyaslı festival və tədbirlərin hər biri Azərbaycan mədəniyyətinə bir töhfədir. Festivalda iştirak edən bütün yaradıcı və texniki heyətə təşəkkürünü bildirib”.

Konsertdə Ramil Qasımov "Küçələrə su səpmişəm", "Pəncərədən daş gəlir", "Xumar oldum", "A Leyli", "Evləri var xana-xana", "Aman təklik əlindən", "Ay qız" və digər xalq mahnılarını ifa edib. Sonda isə Ehtiram Hüseynovun ifa etdiyi "Qara gilə" mahnısına Ramil Qasımovun dirijorluq etməsi alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.