MƏDƏNİYYƏT
Yazıçılar Birliyində Tofiq Məliklinin “Dahinin tənhalığı” kitabının təqdimatı olub
Bakı, 14 aprel, Salihə Əliyeva, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Rusiya Yazıçılar İttifaqının üzvü, Əməkdar Elm Xadimi, AYB-in Moskva bölməsinin rəhbəri və “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyasının sədri Tofiq Məliklinin “Dahinin tənhalığı” kitabının təqdimatı keçirilib.
Tofiq Məlikli türkoloq, filologiya elmləri doktoru, türkologiya, Türkiyə və Azərbaycan mədəniyyəti və ədəbiyyatı problemləri üzrə çoxsaylı əsərlərin müəllifi, Rəsul Rza mükafatının ikiqat (2008 və 2012) laureatı, Bəxtiyar Vahabzadə mükafatı laureatı (2013), Rusiya Yazıçılar İttifaqının Sergey Yesenin mükafatı laureatıdır.
Türkiyə Humanitar Akademiyası Tofiq Məliklinin türkologiya elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq 2008-ci ildə onu qurumun fəxri üzvü seçib.
AZƏRTAC xəbər verir ki, “Dahinin tənhalığı” kitabı Fazil Hüsnü Dağlarcaya həsr edilib. T.Məlikli öz qəhrəmanı haqqında deyir: “Elə yaradıcı insanlar var ki, onlara bir ömürdə bir neçə ömür yaşamaq nəsib olur. Onlar heç vaxt yerində saymır, əksinə, zamanın tələbi ilə sürətlə irəliləməyə çalışır, tez-tez zamanı qabaqlayır. Fazil Hüsnü Dağlarca səksəndən çox poetik toplunun müəllifidir”.
Fazil Hüsnü Dağlarca müasir Türkiyə poeziyasının lideridir. Onun kitabları dəfələrlə ABŞ, Fransa, Hollandiya, Rusiyada nəşr edilib. T.Məlikli təxminən 40 il – Fazil Hüsnü Dağlarca dünyadan köçənədək (2008) onunla dostluq edib. O, təqdimatı keçirilən kitabda digər materiallarla yanaşı, şairlə şəxsi söhbətlər zamanı apardığı çoxsaylı qeydlərdən istifadə edib. Nəşrdə Fazil Hüsnü Dağlarcanın Fazil İsgəndər, Tofiq Məlikli, İlham Bədəlbəyli, Moris Vaksmaxer və başqaları tərəfindən tərcümə edilmiş şeirləri də yer alıb.
T.Məlikli iki poetik toplunun müəllifi, bir çox elmi, ədəbi qəzet və jurnalların redaksiya şuralarının üzvüdür. Onun şeirləri Azərbaycan poeziyası antologiyalarının çoxuna salınıb, xaricdə nəşr edilib. O, rus və Azərbaycan dillərinə bədii tərcüməçi kimi də tanınır. T.Məliklinin tərcümələri sayəsində rus və azərbaycanlı oxucular Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca və digər türk şairlərinin əsərləri ilə tanış olublar. 2006-cı ildə onun tərcüməsində Orxan Pamukun “İstanbul” roman-xatirəsi nəşr edilib.
1988-ci ildə T.Məliklinin təşəbbüsü ilə Moskvada “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətini yaradılıb. Bu cəmiyyətin Moskvada və Rusiyada Azərbaycan diasporunun yaradılmasında müstəsna rolu olub. T.Məlikli qurumun sədri kimi Moskvanın milli-ictimai hərəkatında fəal iştirak edir. O, Moskva hökuməti yanında Millətlərin İşləri üzrə Şuranın üzvüdür. O, “millətlərarası sülh və razılığın möhkəmlənməsi işinə verdiyi böyük töhfəyə görə” Moskva hökumətinin “Qızıl fəxri nişanına” layiq görülüb.
Təqdimatı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar açıb. Birliyin katibi Aqşin Babayev T.Məliklinin yaradıcılığından danışıb. Xatırladıb ki, keçən il kitabın təqdimatı Moskvada keçirilib.
Kitabı Azərbaycan dilinə Arifə Əliyeva tərcümə edib. Təqdimat mərasimində, həmçinin BDU-nun türkologiya kafedrasının müdiri Rüfət Rüstəmov, professor Vaqif Sultanlı, tərcüməçi Arifə Əliyeva, Yunus Əmrə adına Türkiyə Mədəniyyət Mərkəzinin direktoru İbrahim İldırım və başqaları çıxış ediblər.