MƏDƏNİYYƏT
Yefim Abramov: Xocalı haqqında həqiqəti milyonlarla insan bilməlidir

Moskva, 21 yanvar, AZƏRTAC
STMEQİ Beynəlxalq Xeyriyyə Fondunun saytında İsraildə yaşayan rejissor və dramaturq Yefim Abramov ilə müsahibə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Yefim Abramov həmin müsahibədə “Anım günü” ümumi sərlövhəsi altında birləşdirilmiş əsərləri barədə danışıb. Yazıçı deyib: “Bu əhvalatlar mənə doğma və yaxın insanlar, mənim doğma şəhərim Bakı barədədir”.
Şairə Leyla Bəyimin həmmüəllifliyi ilə yazılmış və Xocalı hadisələrinə həsr edilmiş “Qara nərgizgülləri” povesti barədə söhbət açan dramaturq qeyd edib ki, bu əsər onların hər ikisinin yaradıcılığında xüsusi yer tutur. Y.Abramov deyib: “Leyla Bəyim Çexiyada, mən isə İsraildə yaşayıram. Buna baxmayaraq, hər ikimiz Vətəndə, Bakıda, Azərbaycanda baş verən hadisələri daim izləyirik. Biz gündə bir neçə dəfə zəngləşir, respublikamızda, Bakıda baş verən hadisələri müzakirə edirik. Bildiyiniz kimi, mən “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının işində yetərincə fəal iştirak edirəm. Assosiasiyanın baş direktoru Lev Spivak ilə dostluq edirik. O, iki ölkənin dostluğu üçün çox iş görür”.
Yazıçı xatırladıb ki, həmin povest əsasında pyes yazılıb və bu ilin fevral ayında, Xocalı faciəsinin növbəti ildönümü münasibətilə Bakıda həmin pyesin premyerası olacaq. Y.Abramov ümidvar olduğunu bildirib ki, “Qara nərgizgülləri” povesti əsasında bədii film çəkiləcək. O deyib: “Filmin ssenarisi artıq hazırdır. Qəti əminəm ki, bu povest əsasında bədii film çəkilməsi zəruridir. Çünki bu mövzu təkcə bizim respublikaya aid deyil, bu, bizim xalqın, Bakıya və Azərbaycana aidiyyəti olan hər kəsin ağrılı yeridir”.
Y.Abramov vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası beynəlxalq birliyin bu faciədən xəbər tutması üçün nə mümkündürsə edir. Dünya birliyi bu soyqırımı barədə bilməlidir. Bu barədə sosial şəbəkələrdə, konfranslarda danışmaq, sərgilər və seminarlar keçirmək azdır. Bədii film çəkilməlidir, çünki film milyonlarla insan üçün əlyetərli olur. Bu barədə həqiqəti milyonlarla insan bilməlidir.
Yazıçı öz yaradıcılıq planları barədə söhbət açaraq qeyd edib ki, Leyla Bəyim ilə birlikdə yeddi pyes yazıblar, indi onlar çoxsaylı layihələr üzərində işləyirlər. Y.Abramov sonda deyib: “Hazırda biz Leyla ilə bərabər yazdığımız pyeslərin və povestlərin ayrıca kitab şəklində nəşr olunması ideyasını müzakirə edirik. Ümidvarıq ki, Azərbaycanda bu işi görəcək bir nəşriyyat tapılacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Moskva