İQTİSADİYYAT
® “Azerbaijan Digital HUB” proqramı “Eurasia Innovation Day” tədbirində təqdim olunub
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov Bakıda Heydər Əliyev Mərkəzində “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilmiş 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF-2019)” və “Eurasia Innovation Day” tədbirlərində moderator və məruzəçi qismində iştirak edib.
Oktyabrın 21-22-də 2-ci “Bakı Elektron Ticarət Forumu” çərçivəsində baş tutmuş “Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” mövzusunda sessiya A.Bayramovun moderatorluğu ilə keçirilib. Sessiyada kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robotexnika və blokçeyn kimi mövzular ətrafında faydalı müzakirələr aparılıb.
Həmçinin oktyabrın 23-də “Eurasia Innovation Day” çərçivəsində “İnnovasiya və Texnologiya” panel müzakirəsində “AzerTelecom” şirkətinin nümayəndəsi “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” mövzusunda məruzə edib. A.Bayramov dünya xəritəsində Azərbaycanın innovativ və texnoloji mərkəz kimi tanınması istiqamətində görülən işlərdən danışıb. Xüsusilə, “AzerTelecom” tərəfindən həyata keçirilən “Azərbaijan Digital HUB” proqramı haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, proqram çərçivəsində iri infrastruktur quruculuğu layihələrinin icrası ilə ölkəmiz Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevriləcək, gələcəkdə bu regionların internet və kontentə olan ehtiyacının təmin edilməsində mühüm rol oynayacaq. Proqram innovasiyaların, rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi ilə qonşu regionlara ixracına, ümumilikdə isə ölkəmizin İKT sektorunun inkişafına, rəqəmsal ekosistemin formalaşmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, “Eurasia Innovation Day” tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə, “InnoWeek - İnnovasiya həftəsi” oktyabrın 18-24-də tutub. Nazirliyin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunub.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis olunub və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu enerji və nəqliyyat mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, startapların, IT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.