İQTİSADİYYAT
® “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spiker və moderatorları ilə görüş keçirilib
“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi (İB) və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı altında 14 dekabrda baş tutacaq “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin moderator və spikerlərinin bir qismi ilə görüş keçirilib.
İB-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə zirvənin gündəliyi və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin əsas məqsədi Azərbaycanda sənaye təhlükəsizliyi sahəsində mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
bp, “IST Services”, “GL Group” və “Sunstar Group”un sponsorluğu ilə baş tutacaq zirvə iki paneldən və “HSE Awards” təltifetmə mərasimindən ibarət olacaq.
“Sinerjidən enerjiyə” adlanan ilk panelin moderatoru BMT İnkişaf proqramı, Enerji və İqlim Dəyişikliyi layihələri üzrə milli koordinatoru Nazim Məmmədov, spikerləri isə “Masdar Azerbaijan” şirkətinin ölkə üzrə meneceri Murad Sadıxov, “AzərEnerji” ASC-nin prezidentinin strateji məsələlər üzrə müşaviri Adil Əliyev, “GL Group”un afilə şirkəti “Taghiyev Operating Company” MMC-nin baş meneceri Nadir Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. Görüşdə spikerlərin iştirakı ilə bu panelin əsas mövzusu olan alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və birgə təşəbbüslər, həmçinin qabaqcıl həllər vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərlə bağlı məsələlər müzakirə edilib.
“Speak up” adlanan ikinci panelin moderatoru DTSERA-nın Protez-Ortez İstehsalat və Reabilitasiya Mərkəzinin istehsalat üzrə direktor müavini Nazim Məmmədov, spikerləri isə AZAL-ın SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev, bp şirkətinin Səngəçal terminalının SƏTƏMM və karbon məsləhətçisi Zibeydə Əliyeva, COP29 Azərbaycan Əməliyyat şirkətinin SƏTƏMM üzrə baş meneceri Nurlan Bağırov, “PMD Projects” MMC-nin keyfiyyət və SƏTƏMM üzrə rəhbəri Vüqar Hacıyev, Əbu-Dabi Dövlət Neft Şirkətinin (ADNOC) “Onshore” əməliyyatlar üzrə ətraf mühit və işçi sağlamlığı meneceri Züleyxa Rəsulova və “SIA Sunstar Group”un biznesin inkişafı üzrə partnyoru Martins Vanagsdır. Görüşdə spikerlərin iştirakı ilə ikinci panelin əsas mövzusu olan sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrlə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə “Sıfıra doğru” konsepsiyası haqqında danışıb. O bu yanaşmanın əsas məqsədinin bütün sənaye qəzalarının qarşısını almaq olduğunu vurğulayıb. İdarə Heyətinin sədri tədbirin özünəməxsus formatına da diqqət çəkib. O bildirib ki, zirvənin unikal formatı – Davos və “TEDx” üslubunda panellərin birləşdirilməsi – mövzuya həm strateji, həm də innovativ yanaşmanı təmin edəcək. Orxan Xəlilzadə qeyd edib ki, bu unikal formatın sənaye təhlükəsizliyi sahəsində həm genişmiqyaslı strategiyaların, həm də yenilikçi fikirlərin müzakirəsinə imkan yaradacağı gözlənilir.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədr müavini Cabir Süleymanlı “HSE Awards” təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O bu tədbirin sənaye təhlükəsizliyi sahəsində innovativ yanaşmaları və uğurlu təcrübələri təşviq etmək məqsədi daşıdığını vurğulayıb. Həmçinin sədr müavini qeyd edib ki, mükafatlandırma mərasimi bu sahədə fərqlənən şirkətləri və fərdləri tanıtmağa, eləcə də onların qabaqcıl təcrübələrini yaymağa xidmət edir. Cabir Süleymanlı bildirib ki, bu təşəbbüs sənaye təhlükəsizliyi sahəsində innovasiyaları həvəsləndirməklə yanaşı, ən yaxşı təcrübələrin paylaşılmasına və tətbiqinə də töhfə verəcək.