İDMAN
"Azərlotereya" ASC-nin komandası mini futbol çempionatının qalibi olub
Bakı, 9 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini futbol çempionatı başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 7-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyinin qurumlarının 14 komandası iştirak edib. Final görüşündə "Təmiz Şəhər" ASC və "Azərlotereya" ASC-nin komandaları qarşılaşıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda "Azərlotereya" ASC-nin komandası 2:1 hesabı ilə qələbə qazanaraq çempionatın qalibi olub.
Qalibləri təbrik edən İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, Nazirliyin Aparat rəhbərinin müavini Ayaz Əliyev İqtisadiyyat Nazirliyində Ulu Öndərin 93-cü ildönümü münasibətilə bir sıra tədbirlərin keçirildiyini, bu idman tədbirinin də Ümummilli Liderin əziz xatirəsinə həsr olunduğunu vurğulayıb. A.Əliyev yarışın nazirlik əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsində, sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində əhəmiyyətini diqqətə çatdırıb.
Sonra çempionatda ilk dörd yeri tutan komandalara, eləcə də fərqlənən idmançılara və komandalara fəxri fərman və mükafatlar, çempionatın qalibinə isə turnirin kuboku təqdim edilib.