"CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ XIX-XX ƏSRLƏR" KİTABI NƏŞR ETDİRİLMİŞDİR
Bakı, 23 oktyabr (AZƏRTAC). Güney Azərbaycan ədəbiyyatı haqqında yeni kitab işıq üzü görmüşdür. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanan "Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər" kitabında Güney Azərbaycan ədəbiyyatının XIX və XX əsrləri əhatə edən tarixindən bəhs olunmuşdur. Bu adla iki cilddə çap olunan 480 səhifəlik bu nəşr redaksiya heyətinin ön sözü ilə açılır. Burada əslən Güney Azərbaycanın Sərab mahalından olan akademik Mirzə İbrahimovun elmə verdiyi töhfə, yazıçının Güney Azərbaycan ədəbiyyatının araşdırılmasında əvəzsiz rolu və mövzu ilə bağlı digər məlumatlar yer almışdır.
Doqquz fəsildən ibarət kitabın birinci hissəsi "XIX əsrdə Cənubi Azərbaycanda folklor" başlığı ilə verilmişdir. Bu fəsildə folklor incilərimizdən dastanlar və bayatılar yer almışdır. "Dastan"lar bölməsində qeyd olunmuşdur ki, "Abbas və Gülgəz" və "Səttərxan" Cənubi Azərbaycan türklərinin həyatı ilə bağlı dastanlardır. "Abbas və Gülgəz"də Aşıq Abbas Tufarqanlının sevgi sərgüzəştindən, "Səttarxan"da isə qəddar rejimə qarşı mübarizə aparan igid Azərbaycan türkünün qəhrəmanlığından bəhs edilir. Fəsilin bayatılar hissəsində Güney Azərbaycan həyatını əks etdirən Təbriz, Marağa, Xoy və digər şəhərlərimizdə yaranan bayatılar yer almışdır.
II fəsildə XIX əsrin birinci yarısını əhatə edən ədəbiyyatdan bəhs olunmuşdur. Burada həmin dövrdə baş verən mühüm ictimai-siyası hadisələr və zəmanənin görkəmli ədiblərinin yaradıcılığı əksini tapmışdır. O cümlədən Abbas Mirzə, Nəbatı, Fazil xan Şeyda poeziyalarından söhbət açılmış, onların əsərlərindən nümunələr gətirilmişdir.
Kitabın III fəsli "Ədəbi portretlər" adlanır. Bu hissədə Əndəlib Qaracadağının, Heyran xanımın və Seyid Əbülqasim Nəbatinin yaradıcılığından söz açılmışdır. Qeyd olunmuşdur ki, tədqiqata az cəlb olunan Heyran xanım XIX əsrin əvvəllərində yazıb yaradan qadın şairlərimiz arasında öz orijinal dəsti-xəttinə görə xüsusi yer tutur. Fəsildə onun "Şikayət" adlı şeirindən parçalar təqdim edilmişdir.
Oxucular XIX əsrin ikinci yarısında ədəbi-tarixi mühit, mədəniyyət və xalq sənəti ilə bağlı məlumatlarla kitabın IV fəslində tanış ola bilərlər. Növbəti fəsillərdə Məhəmməd Bağır Xalxalinin, Mirzə Mehdi Şükuhinin, M.F.Axundov məktəbinin Güney Azərbaycanda davamçıları Mirzə Ağa Təbrizinin yaradıcılığı, XIX əsrin sonlarında maarifçi ədəbiyyat, Zeynalabdin Marağalı, Mirzə Əbdürrəhim Talıbovun əsərlərilə bağlı məlumatlar yer almışdır.
Sonuncu fəsildə ədəbi əlaqələrdən söz açılmışdır.
######
