"Neftçi" və "Murov" komandaları “Zəfər kuboku” turnirinin finalına yüksəliblər
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 22-də kişi voleybolçular arasında “Zəfər kuboku” turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan kubok yarışının ilk matçı “Neftçi” və “MOİK” komandaları arasında olub.
Günün ilk qarşılaşmasında qalib 4 hissədə müəyyən edilib. İlk iki setdə (25:15, 27:16) qalib gələn “Neftçi” komandası üçüncü hissəni 20:25 hesabı ilə məğlub olsa da, dördüncü setdə 25:16 hesabı ilə qalib gələrək görüşün hesabını müəyyənləşdirib - 3:1.
Günün ikinci qarşılaşmasında “Murov” “Sərhədçi” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 25:18 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:15 və 25:13 hesabı ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub - 3:0.
Beləliklə, günün qalibləri “Neftçi” və “Murov” aprelin 23-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq final matçında münasibətlərinə aydınlıq gətirəcəklər. “Sərhədçi” və “MOİK” komandaları isə kubok yarışında mübarizəni dayandırıb.
Aprelin 23-də baş tutacaq kubok yarışının final oyununa saat 15:00-da start veriləcək. Ardınca isə “Zəfər kuboku”nda, Azərbaycanın Yüksək, Super, həmçinin I Liqa yarışlarında fərqlənənlərin mükafatlandırma mərasimi və 2021-22-ci il mövsümünün rəsmi bağlanış mərasimi baş tutacaq.