"Tarix heçnəyi silmir" adlı rəsm sərgisi açılıb
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Tarix heçnəyi silmir" adlı rəsm sərgisi açılıb.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, gənc rəssamlar əvvəlcə Mərkəzin muzey bölməsində Ulu Öndərin büstünü ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Sonra Ümummilli Liderin bütün fəaliyyəti dövründə rəssamlara və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb, gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sərgidə, həmçinin "Azərbaycan incəsənətində Heydər Əliyev obrazı" adlı məruzə dinlənilib, eyni zamanda, rəssamlıq və heykəltaraşlıq əsərlərində yer alan Heydər Əliyev obrazından söhbət açılıb.
Bədii hissədə müxtəlif rəqs nömrələri təqdim olunub, şeirlər səsləndirilib.
Sonda sərgiyə baxış keçirilib.