Abdulkadir Uraloğlu: TDT ölkələri arasında daşımaları liberallaşdırmaq üçün bəzi kvotaları ləğv etməliyik
Zəngilan, 16 noyabr, AZƏRTAC
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türk dünyasının iqtisadi inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O qeyd edib ki, bu xətt üzrə lazımi işləri tez bir zamanda başa çatdırmalıdır. Digər tərəfdən, mərkəzi dəhlizin digər mühüm komponenti olan Xəzər keçidinin region ölkələri ilə səmərəli, iqtisadi olmasına diqqət yetirməlidir. Onun sözlərinə görə, logistika əməliyyatlarında problem yaradan yüksək ödənişlər həll ediləcək: "Əminəm ki, biz birgə səy göstərərək bu problemləri tez bir zamanda həll edəcəyik və Xəzər keçidlərini arzuladığımız rəqabətli marşruta çevirəcəyik”, - deyə Uraloğlu bildirib.
Onun sözlərinə görə, dəhliz boyunca nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam edir.
“Nəqliyyatda baş verən proseslərə qarşı bizim sərhəd-keçid prosedurlarımız kifayət qədər adekvat deyil. Keçid sənədləri ilə bağlı problem də həll edilməlidir. Bu sənədlərinin TDT ölkələri arasında ticarətə mane olmasına imkan verməməliyik. Nəqliyyat və ticarətdəki maneələri aradan qaldırmaq və daşıma xərclərini azaltmaq üçün vahid yanaşma qəbul edib, həyata keçirməliyik. Bu baxımdan dost ölkələrimiz arasında daşımaları liberallaşdırmaq üçün bəzi kvotaları ləğv etməliyik”, - deyə qardaş ölkənin naziri əlavə edib.