A.Boroda: Güclü və müstəqil Azərbaycan Xocalı soyqırımının bir daha təkrarlanmamasına zəmanətdir
Moskva, 27 fevral, AZƏRTAC
“Deyə bilərəm ki, bu faciəni yəhudi xalqı kimi heç bir xalq duya bilməz. Bu faciəni heç vaxt unutmaq olmaz. Xocalıda mülki şəxslər - uşaqlar, qocalar həlak oldular, onları azərbaycanlı olduqları üçün öldürdülər. Biz Holokostu yaşamışıq və günahsız mülki vətəndaşların qətlə yetirilməsinin nə demək olduğunu başa düşürük. Biz qurbanların xatirəsinin gənc nəslin qəlbində yaşaması üçün bu faciəni unutmamağa çağırırıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə söhbətində deyib.
Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarının anım mərasiminin rəsmi hissəsindən sonra A.Boroda Azərbaycan diasporunun nümayəndələri ilə söhbət edib. O qeyd edib ki, Xocalı qurbanlarının anım mərasiminin məhz Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilməsi bu məkan üçün böyük şərəfdir.
Aleksandr Boroda xatırladıb ki, yanvarın 29-da muzeydə Holokost Gününə həsr edilən gecə keçirilib, həmin tədbirdə Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu iştirak ediblər. “Benyamin Netanyahu öz nitqində demişdi ki, güclü və müstəqil İsrailin olması Holokostun bir daha təkrar edilməyəcəyinə zəmanətdir. Mən bu sözləri Xocalı faciəsinə də aid etmək istərdim. Güclü və müstəqil Azərbaycan Xocalının bir daha təkrar edilməyəcəyinə zəmanətdir, Azərbaycan öz vətəndaşlarını qoruya biləcək. Azərbaycan öz vətəndaşlarını sevən güclü, tolerant və tərəqqi edən ölkədir. Azərbaycan xalqına bir daha bu cür faciələrin təkrarlanmamasını arzulayıram”, - deyə Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti söyləyib.
Azərbaycan səfiri Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının anım mərasiminin keçirilməsi üçün şərait yaradıldığına görə təşəkkür edib. “Bunun rəmzi mənası var. Bizim ağrımızı yəhudi xalqı başqalarından daha çox anlayır və bölüşür, çünki bu xalq tarixdə heç də az faciəvi hadisələr yaşamayıb”, - deyən P.Bülbüloğlu qeyd edib ki, Azərbaycanda bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev konfessiyalararası razılığa xüsusi diqqət ayırır. Azərbaycanda, o cümlədən Qırmızı Qəsəbədə yaşayan yəhudilərə dini tələbatlarını ödəmək üçün hər cür şərait yaradılıb. Məqsəd bütün konfessiyaların nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasıdır. P.Bülbüloğlu ölkədə konfessiyalararası anlaşmanın yaradılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rolunu qeyd edib. O, həmçinin bildirib ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi ilə əməkdaşlığa xüsusi önəm verir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva