ABŞ AZƏRBAYCANLILARI VƏTƏNİN HƏRBİ QÜDRƏTİ İLƏ FƏXR EDİRLƏR
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad hər bir vətənpərvər azərbaycanlının ürəyini iftixar hissi ilə doldurduğu kimi, ABŞ-da yaşayan soydaşlarımızı da çox sevindirmişdir.
Şimali Amerikada yaşayan həmvətənlərimiz Azərbaycan televiziya kanallarının peyk yayımı ilə parada tamaşa etmiş, xalqımızın sevincinə şərik olmuşlar. Silahlı Qüvvələrimizin quru, dəniz və hava qoşunları bölmələrinin təntənəli keçidini qürur hissi ilə izləyən ABŞ-dakı Azərbaycan icmasının liderləri AZƏRTAC vasitəsilə əsgər və zabitlərimizin peşə bayramını təbrik etmiş, Vətənin hərbi qüdrəti ilə öyündüklərini bildirmişlər.
Amerika Azərbaycan Cəmiyyətinin Vaşinqtondakı nümayəndəsi Bədir Məmmədli demişdir:
-Sevinirəm ki, müstəqil Azərbaycanımızın öz sözünü hər zaman deməyə qadir olan və dünyanın ən müasir hərbi texnikasına malik nizami ordusu vardır. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hər bir nailiyyət bizi - Amerika azərbaycanlılarını da sevindirir və Vətənimizin ərazi bütövlüyünün tezliklə bərpa olacağına inamımızı daha da artırır. Qəti əminəm ki, bu hərbi paradı təlaşla izləyən və Qarabağda onsuz da narahatlıq içində vurnuxan ermənilər Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha dərindən anlayacaqlar.
Amerika-Azərbaycan Şurasının prezidenti Cavid Hüseynov:
-Biz - ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri milli dəyərlərimizi qoruyub saxlayır və bununla fəxr edirik. Bu dəyərlərin ən başlıcası müstəqil Azərbaycan dövləti və xalqıdır. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyinə həsr edilmiş hərbi paradı izləyərkən sevincdən ürəyimiz köksümüzə sığmırdı. Vətən keşikçilərinin inamlı addımları qəlbimizi qürur hissi ilə doldururdu. Azərbaycan ordusunun güclənən qüdrəti, öz növbəsində, işğal altında olan torpaqlarımızın azad ediləcəyini, dövlətimizin seçdiyi inkişaf yolunun dönməzliyinə inamımızı artırır. Amerika-Azərbaycan Şurası adından Silahlı Qüvvələrimizi təbrik edir, şanlı Vətənimizə ləyaqətlə xidmət etdiklərinə görə onlara minnətdarlığımızı bildiririk.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov:
-Bu cür paradlar iki cəhətdən çox mühümdür. Əvvəla, hər birimizə vətənpərvərlik hissi aşılayan bu tədbir qəlbimizi mərd əsgərlərimizə görə iftixar hissi ilə doldurur. Digər tərəfdən, parad vətəndaşlara artan müdafiə büdcəsinin hansı məqsədlərlə sərf edildiyini şəffaf şəkildə göstərir. Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin geyim formasında və döyüş bayrağı altında addımlayan iki batalyonu görmək çox sevindirici idi. Bu, 20-ci əsrin əvvəli və hazırkı ordumuz arasında əlaqənin davamlılığını göstərir.
Azadlıq meydanında ən müasir hərbi texnikanın müşayiəti ilə keçən parad bizi əmin edir ki, Azərbaycan xalqı gələcək təcavüzlərdən kifayət qədər etibarlı qorunur. ABŞ-da yaşayan Azərbaycan diasporu Vətənimizin nailiyyətlərini fəxr və sevinc hissi ilə izləyir, xalqımızın ekstremizmə və terrorizmə qarşı ədalətli mübarizəsini daim dəstəkləyir.