ABŞ-DA YAŞAYAN HƏMVƏTƏNİMİZ DAĞLIQ QARABAĞ HAQQINDA HƏQİQƏTİ DÜNYAYA YAYIR
Forumun vitse-prezidenti Dilarə Vəliyeva əvvəlcə toplaşanlara cənab Feliks Sertsvadze haqqında məlumat verərək bildirdi ki, hazırda ABŞ-ın Florida ştatında yaşayan 63 yaşlı müəllif Azərbaycanın Şəmkir rayonunda anadan olub, Bakıda yaşayıbdır. Əsərlərini rus dilində yazır. Onun “Unudulmuş soyqırımı” adlı növbəti kitabı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda rusdilli immiqrant KİV-lərində çoxsaylı qeyri-obyektiv xəbərlər yayan vicdansız müəlliflərə cavabdır. Müəllif minilliklər boyu Avropa və Asiyanın qovuşuğunda yaşayan Azərbaycan xalqını böyük millət adlandırır və səmimiyyətlə vurğulayır ki, bu xalqın Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, Vaqif, Natəvan, Vazeh və digər korifeyləri yazıb yaradanda indiki böyük dövlətlərin əksəriyyəti hələ mövcud deyildi. Kitab 1987-1994-cü illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktları qurbanlarının xatirəsinə həsr olunmuşdur. Müəllif ermənilərin regiona köçürülməsindən başlayaraq münaqişənin tarixindən, onların Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri etnik təmizləmə siyasətindən söhbət açır. Kitab həm də ingilis dilində nəşr edilmişdir.
Feliks Sertsvadze təqdimata toplaşanlara təşəkkür edərək dedi ki, mənim kitabım ermənilərin və onların havadarlarının təcavüzü nəticəsində Azərbaycan xalqının məruz qaldığı soyqırımı və verdiyi minlərlə günahsız qurbanlar haqqındadır. Burada sadalanan rəqəmlər çox dəhşətlidir, lakin onlardan da dəhşətlisi odur ki, bu soyqırımının günahkarlarından bir nəfər də olsun cəzalandırılmamışdır. Kitabı yazarkən ən böyük istəyim günahkarların layiqincə cəzalandırılması olmuşdur. “Biz Azərbaycan xalqı əleyhinə cinayətin iştirakçılarını - Mixail Qorbaçovu və erməni elitasının nümayəndələrini yaxşı tanıyırıq. Mən onların vəhşiliklərini təsvir edəndə opponentlərim məni qınayırdılar ki, guya rəngləri tündləşdirirəm. Cinayətin üstündən xeyli keçəndən sonra onu törədənlər çəkinmədən əllərinin azərbaycanlıların qanına bulaşdığını etiraf edirlər”,- deyən Feliks Sertsvadze tədbir iştirakçılarının diqqətinə Nyu-Yorkda dərc olunan və ermənipərəstliyi ilə tanınan “V novom svete” qəzetindən M.Qorbaçovun müsahibəsini çatdırdı.
Müəllif daha sonra bildirdi ki, Azərbaycan xalqına qarşı cinayətlərdə günahkar olanların cəzalandırılması üçün “Qatilləri cəzalandırmağa kömək edin!” adlı məktubla Beynəlxalq Haaqa Tribunalına müraciət etmişdir. Oradan gələn cavabda ittihamları sənədlərlə əsaslandırmaq tələb olunduğundan, Feliks Sertsvadze Azərbaycanın ictimai təşkilatlarını bu işə qoşulmağa çağırmışdır.
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə xanım, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Qafqaz Xalqları Mədəniyyət Mərkəzinin rəhbəri Tamilla Əlixanova, Adəm adına Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının rəhbəri Nicat Əsgərov və başqaları müəllifə minnətdarlıqlarını bildirdilər, kitabın yenidən nəşrinin, başqa dillərə tərcümə olunmasının, Dünya azərbaycanlılarının II qurultayına gəlmiş müəllifin həm də yerli televiziya kanallarında çıxışının zəruriliyini vurğuladılar.