ABŞ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN MƏRUZƏSİNDƏN NARAZIDIR
Məruzədə deyilir: “2005-ci ildə əldə olunmuş yeni sübutlar göstərir ki, işgəncələr və pis rəftar Buş hökumətinin əks-terror strategiyasının bilərəkdən tətbiq edilən hissəsidir”.
MakKlellan etiraf etmişdir ki, onun özü məruzəni oxumayıb, lakin sənədin məzmunu barədə KİV-lərin xəbərləri əsasında nəticə çıxarmışdır. O demişdir: “Zənnimcə, xəbərlərdən aydındır ki, məruzə faktlardan daha çox siyasi vəzifəyə əsaslanır. Hyuman Rayts Uotç nəzərdə tutduğu hadisələri faktlarla sübuta yetirmir”. Onun sözlərinə görə, ABŞ azadlıq və demokratiyanın irəlilədilməsi sahəsində dünyada liderdir və bu istiqamətdə, eləcə də insan hüquqlarının təmin edilməsi sahəsində bundan sonra da lider olaraq qalmaq niyyətindədir.
Beynəlxalq hüquq müdafiə təşkilatının illik məruzəsində iddia edilir ki, terrorizmlə mübarizənin gedişində ABŞ tərəfindən tutulmuş şübhəli şəxslərin məruz qaldıqları işgəncələr heç də Ağ evin və Pentaqonun qələmə verməyə çalışdıqları kimi, ayrı-ayrı pozuntular deyildir.
Bütün dünyada insan hüquqları sahəsində vəziyyətə qiymət verilən 532 səhifəlik məruzənin girişində deyilir: “Sübutlar göstərir ki, dindirmələrin pozuntularla aparılmasını bir neçə əsgərin səhvləri hesab etmək olmaz, çünki bu, ABŞ hökumətinin yüksək vəzifəli rəsmi şəxslərinin etdikləri şüurlu siyasi seçim idi”.