SİYASƏT
ABŞ-ın AVROPADAKI HƏRBİ QÜVVƏLƏRİNİN KOMANDANLIĞI AZƏRBAYCAN ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİNƏ KÖMƏK EDİR
İyulun 18-də ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Komandanlığının və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin “Təlimatçını öyrədin” birgə layihəsinin reallaşdırılmasının gedişinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
ABŞ-ın Bakıdakı səfiri vəzifəsini icra edən xanım Nensi MakEldauni jurnalistlərə bildirdi ki, 1999-cu ildən Dövlət Departamenti BMT, Avropa Birliyi, Dünya Bankı və bir sıra ölkələrlə birlikdə ərazilərinin minalardan təmizlənməsində Azərbaycana kömək göstərir. Amerika hökuməti indiki layihə üçün 1 milyon 350 min dollar məbləğində vəsait ayırmışdır. ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Komandanlığının 34 nümayəndəsindən ibarət qrup iyulun 8-dən Azərbaycandadır. Onlar Bakıda və Horadizdə 75 istehkamçıya və tibb işçisinə təlim keçəcəklər. Amerika mütəxəssisləri özləri ilə 400 min dollarlıq avadanlıq və xüsusi təlim keçmiş itlər gətirmişlər. İki ay davam edəcək kurslar başa çatdıqdan sonra bunların hamısı Azərbaycan hökumətinə veriləcəkdir.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru Nazim İsmayılov dedi ki, bu günədək Füzuli, Goranboy və Xanlar rayonlarında 1 milyon 294 min 37 kvadratmetr ərazi minalardan və partlamamış mərmilərdən təmizlənmişdir, daha 60 milyon kvadratmetr sahədə mina və mərmilər zərərləşdirilməlidir. O bildirdi ki, bütün bu işlər təxminən 15 il çəkəcəkdir. Hazırda 45 yerli istehkamçı Füzuli rayonunun Böyük Bəhmənli, Goranboy rayonunun Aşağı Ağcakənd və Xanlar rayonunun Quşqara kəndlərində işləyir. O, əlavə etdi ki, 10 ildə Azərbaycanda minalardan 1400 adam xəsarət almış, onların 300 nəfəri həlak olmuşdur. Nazim İsmayılov əhalinin həyatı üçün bu çox mühüm problemin həllində köməyə görə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi proqramının əsas maliyyələşdiricilərindən olan ABŞ Dövlət Departamentinə və BMT-yə təşəkkürünü bildirdi.