ABŞ-IN GERMAN MARŞAL FONDU AZƏRBAYCANLA BAĞLI LAYİHƏ HƏYATA KEÇİRİR
Yanvarın 12-də Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan ABŞ-ın German Marşal Fondunun nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Azərbaycanla ABŞ arasında mövcud olan dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərimiz dövlət başçılarının səyləri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə çatmaqdadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ABŞ-a səfərləri zamanı imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün gözəl zəmin yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il NATO-nun İstanbulda keçirilən Sammitində ABŞ Prezidenti Corc Buşla görüşündən sonra əlaqələrimizin inkişafında yeni mərhələ başlanmışdır. Parlamentlərarası əlaqələrimiz də genişlənir və möhkəmlənir. ABŞ konqresmeni Kurt Ueldonun 2003-2004-cü illərdə ölkəmizə səfərləri zamanı imzalanmış Memorandum nəticəsində Milli Məclislə ABŞ Konqresi arasında əlaqələri inkişaf etdirmək üçün dostluq qrupları yaradılmışdır. Ümid edirəm ki, sizin bu səfəriniz də münasibətlərimizin genişlənməsinə və əlaqələrimizin daha da inkişaf etdirilməsinə öz müsbət təsirini göstərəcəkdir.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara ətraflı məlumat verdi və ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri kimi bu problemin həllində səylərini artıracağına ümidvar olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan ABŞ-ın antiterror əməliyyatlarında da yaxından iştirak edir. ABŞ hökuməti bunu nəzərə almalı və təcavüzkara qarşı sərt tədbirlər görməlidir.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən nümayəndə heyətinin başçısı Ronald D.Asmus dedi ki, German Marşal Fondu ABŞ-da Azərbaycanla bağlı zəngin məlumat bazası yaratmaq və bu məlumatlar əsasında ictimaiyyət arasında geniş müzakirələrə başlanması ilə bağlı layihə hazırlamışdır. Azərbaycana səfərdən məqsəd bu ölkə haqqında geniş məlumatlar toplamaq, dövlət, hökumət və parlament nümayəndələri ilə fikir mübadiləsi aparmaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.