SİYASƏT
ABŞ-ın KTVB kanalının tamaşaçıları Azərbaycandakı tolerantlıq ənənələri barədə məlumatlandırılıb
![](/files/galleryphoto/2015/3/1200x630/1448639402819538996_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14486394021082228457_1200x630.jpg)
Los-Anceles, 27 noyabr, AZƏRTAC
ABŞ-ın Aydaho ştatında səfərdə olan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ştatın ən böyük televiziya kanalı olan KTVB kanalına müsahibə verib. Kanalın tanınmış jurnalisti Di Sarton tərəfindən götürülən müsahibə KTVB televiziyasının analitik xəbər buraxılışında efirə gedib.
Müsahibədən əvvəl ingilis dilində “Azərbaycan: Gələcəyin ölkəsi” adlı videoçarxdan hissələr nümayiş etdirilib. Sonra N.Ağayev jurnalistin suallarını cavablandırıb. D.Sarton bir müddət əvvəl Parisdə törədilən terror aktları və ümumiyyətlə, son dövrlərdə dünyanın müxtəlif yerlərində dini-etnik dözümsüzlük hallarının və zorakılıqların artması fonunda Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm nümayiş etdirdiyini bildirərək bunun sirrinin nədə olduğunu soruşub.
Baş konsul bu nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını, bu səpkidə Azərbaycan xalqının əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Diplomat bu gün Azərbaycanda müsəlman, xristian və yəhudilərin tam qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. O, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin bu tolerantlıq ənənələrinin gücləndirilməsində böyük rol oynadığını vurğulayıb. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir” sözlərinə istinad edən diplomat bildirib ki, ölkə rəhbərliyi Azərbaycan xalqının tolerantlıq irsinin və bu müsbət mühitin daha da möhkəmlənməsi sahəsində mütəmadi iş aparır və bu sahəyə xüsusi diqqət ayırır.
N.Ağayev, həmçinin Azərbaycanın müstəqil dövlət kimi inkişafı, həm sosial-iqtisadi, həm də demokratik və hüquqi dövlət quruculuğu sahələrində əldə etdiyi nailiyyətlər barədə tamaşaçıları məlumatlandırıb.
Sonda Aydaho ştatına səfəri barədə danışan baş konsul qubernator Klement Leroy “Butç” Otterin dəvətilə bu səfəri etdiyini bildirib. O, Azərbaycan ilə Aydaho arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu söyləyib.
Qeyd edək ki, KTVB ABŞ-ın nüfuzlu NBC televiziya kanalının Aydaho ştatında regional yayım funksiyasını həyata keçirir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles