ABŞ-ın ticarət nümayəndəsi təchizat zənciri məsələsini müzakirə etmək üçün Cənubi Koreyadadır
Pekin, 18 noyabr, AZƏRTAC
ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tay Asiya ölkələrinə səfəri çərçivəsində təchizat zənciri və polad tarifləri də daxil olmaqla ticarət məsələlərini müzakirə etmək üçün Cənubi Koreyaya yola düşüb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ABŞ ticarət nümayəndəsinin son 10 ildə Asiyanın 4-cü iri iqtisadiyyatı olan Cənubi Koreyaya ilk səfəridir. Səfər zamanı ABŞ-Cənubi Koreya azad ticarət sazişi üzrə birgə komitənin iclası keçiriləcək.
Ketrin Tayın səfəri zamanı əsas diqqət təchizat zənciri, habelə Cənubi Koreyadan idxal etdiyi polad və alüminiuma Birləşmiş Ştatların tətbiq etdiyi gömrük tarifləri məsələsində əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək. Daha əvvəl Seul və Vaşinqton mikrosxemlərin və digər əsas sənaye mallarının qlobal təchizat çatışmazlığı ilə əlaqədar təchizat zəncirinin əsas komponentlərinin sabit təminatı üçün daha sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə yarımkeçiricilər məsələsi üzrə yüksək səviyyəli dialoq kanalının yaradılması və ilk iclasın dekabrda keçirilməsi barədə qərar qəbul olunub. Bütün bu məsələlər ABŞ-ın ticarət nümayəndəsinin Seula səfəri zamanı diqqət mərkəzində olacaq. Cənubi Koreya tərəfinin ABŞ-a ixrac etdiyi alüminium və polada tətbiq olunan gömrük rüsumlarına yenidən baxılması məsələsini də gündəmə gətirəcəyi bildirilir.
Qeyd edək ki, ABŞ Cənubi Koreyanın 2-ci ən böyük ticarət tərəfdaşı, Cənubi Koreya isə Birləşmiş Ştatların 6-cı ən iri ticarət tərəfdaşıdır.
ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tayın Asiya səfəri Yaponiya, Cənubi Koreya və Hindistanı əhatə edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin